20 – YANVAR FACİƏSİNDƏN 36 İL ÖTÜR

20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən ağır və qanlı hadisələrdən biridir. Bu faciə təkcə kütləvi qırğın deyil, eyni zamanda xalqın azadlıq iradəsinin sarsılmazlığını, müstəqillik uğrunda mübarizəsini nümayiş etdirən tarixi bir dönüş nöqtəsidir.

1980-ci illərin sonlarında SSRİ-də baş verən siyasi böhran, “yenidənqurma” və “aşkarlıq” siyasəti imperiyanın zəifləməsinə səbəb olmuşdu. Bu dövrdə Azərbaycanın Dağlıq Qarabağ problemi kəskinləşmiş, Ermənistanın ərazi iddialarına qarşı xalq etirazlara başlamış, Bakı və digər şəhərlərdə müstəqillik, azadlıq və ədalət tələbləri güclənmişdi.

SSRİ rəhbərliyi bu hərəkatı təhlükə kimi qiymətləndirərək onu zorakılıq yolu ilə susdurmaq qərarına gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyinin, DTK-nın və Daxili Qoşunların birləşmiş qüvvələri Bakıya daxil oldu. Ən ağır cəhətlərdən biri Fövqəladə vəziyyət elan edilmədən əvvəl ordunun şəhərə yeridilməsi idi. Digər cəhətlər Televiziya qülləsinin enerji bloku partladıldı ki, xalq məlumat almasın və tanklar zirehli texnika ilə dinc əhali üzərinə hücum edildi.

Sovet əsgərləri küçələrdə toplaşan insanları,
evindən çıxan mülki şəxsləri, hətta təcili yardım işçilərini belə atəşə tutmuşdular. Rəsmi məlumatlara görə 131 nəfər şəhid olmuş, 700-dən çox insan yaralanmışdır. 800-dən artıq şəxs qanunsuz həbs edilmişdir. Onlarla ev, avtomobil və ictimai obyekt məhv edilmişdir.

Bu hadisə beynəlxalq hüququn, insan haqlarının kobud şəkildə pozulması idi. 20 Yanvar hadisələrinə ilk dəfə Heydər Əliyev tərəfindən açıq siyasi qiymət verilmişdir. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində çıxış edərək SSRİ rəhbərliyini cinayət törətməkdə ittiham etmiş, Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan etmişdir.

1994-cü ildə isə Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə rəsmi siyasi-hüquqi qiymət verdi və bu hadisə dövlət səviyyəsində faciə kimi tanındı. 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda ödədiyi ağır bədəl idi. Xalqın qorxmadığını, azadlıqdan dönmədiyini göstərdi və SSRİ-nin dağılma prosesini sürətləndirdi.

Bu faciə göstərdi ki, silah gücü ilə xalqın iradəsini sındırmaq mümkün deyil. Bu Faciədən 36 il ötür.Azərbaycan xalqı şəhidlərin xatirəsini dərin ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!