Azərbaycan və dünya ədəbiyyatı kafedrasının tarixi


AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASI

 YARANMA TARİXİ

  • Azərbaycan və dünya ədəbiyyatı kafedrası “Ümumi ədəbiyyat” adı ilə 1939-cu ildən fəaliyyət göstərir və Gəncə Dövlət Universitetinin  ilk kafedralarındandır.
  • Kafedranın ilk müdiri tanınmış Azərbaycan şairi Əhməd Cəmil olmuşdur.
  • 1943-cü ildən etibarən “Azərbaycan ədəbiyyatı” kafedrasına filologiya elmləri doktoru, professor Əli Sultanlı rəhbərlik etmişdir. Əli Sultanlı “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyat müntəxəbatı” kimi dərsliklərin, “Azərbaycana dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı” və s. dəyərli əsərlərin müəllifi olmuşdur.
  • Filologiya elmləri doktoru, professor Davud Hacıyev  1948-ci ildən ötən əsrin 90-cı illərinin sonlarına qədər “Azərbaycan ədəbiyyatı” kafedrasına rəhbərlik etmişdir. O, Azərbaycan dramaturgiyası və dünya ədəbiyyatı sahəsində tanınmış mütəxəssislərdən idi.
  • Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Xəlil Yusifli keçən əsrin 90-cı illərinin əvvəllərində “Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının müdiri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığında bir çox ilklərə imza atmış Xəlil Yusiflinin tədqiqatlarının əsas istiqaməti Nizami Gəncəvi yaradıcılığı ilə bağlı olsa da, bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının çeşidli sahələri üzrə araşdırmalarla, tərcüməçilik və ədəbi-tənqidi mətnlərin tərtibi ilə yaxından məşğul olmuşdur.
  • Filologiya elmləri doktoru, professor Sadıq Şükürov 2002-2011-ci illərdə “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri olmuşdur. O, alim-ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyət göstərmiş, Gəncənin tarixi abidələri, maarifi ilə bağlı xeyli sayda araşdırmalar aparmışdır.
  • Filologiya elmləri namizədi, dosent Tofiq Musayev ədəbi tənqid üzrə mütəxəssis olmuş, Mehdi Hüseyn yaradıcılığına dair ardıcıl tədqiqatlar aparmışdır. O, 2001-2005-ci illərdə “Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq” kafedrasının müdiri olmuşdur.
  • Filologiya elmləri doktoru, professor Bağır Bağırov Gəncə Dövlət Universitetinin “Şərəfli yol” adlı salnaməsinin yaradıcısıdır.  O, müasir Azərbaycan poeziyasının tədqiqatçılarındandır. B.Bağırov 2006-2011-ci illərdə “Dünya ədəbiyyatı və ən yeni ədəbiyyat” kafedrasının müdiri olmuşdur.
  • Filologiya elmləri namizədi, Universitetin Fəxri professoru Nəzakət Əliyeva 2011-2018-ci illərdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri olmuşdur. N.Əliyeva müasir ədəbiyyatşünaslığın problemləri üzrə mütəxəssis və Mirzə Şəfi Vazeh irsinin tədqiqatçısı idi.
  • Filologiya elmləri namizədi, Universitetin Fəxri professoru Maqbet Əhmədov 2018-2023-cü illərdə  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri olmuşdur. M.Əhmədov Azərbaycan folklorunun tədqiqatçısı idi. Bununla yanaşı, o, müasir Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalar da aparmışdır.
  • Filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazova 2023-cü ilin mayından etibarən Azərbaycan və dünya ədəbiyyatı kafedrasına rəhbərlik edir. Səba Namazova XX əsr Azərbaycan ədəbiyyatı, mətbuat tarixi və publisistika məsələləri, kulturologiya sahəsində sistemli tədqiqatlar aparır. O, Fyodor Mixayloviç Dostoyevskinin yaradıcılığı (Gəncə, 2011, 42 səh.), Əli Razi Şamçızadə “Molla Nəsrəddin”də. Əsərlərindən nümunələr (Bakı: Elm və təhsil, 2017, 133 səh.), “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi mühiti (Bakı: Elm və təhsil, 2018, 168 səh.), XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (Bakı: Elm və təhsil, 2019, 248 səh.), Kadim Vatan Karabağ Karabağ Savaşı Şehit ve Gazileri̓ne Ancient Homeland Karabakh To the Martyrs and Veterans of the Karabakh War (Divan Kitap. SBN: 978-605-4239-65-8, 1. Baskı, 2022, Ankara. İstanbul. 572 sayfa) adlı metodik vəsait, elmi tərtib kitabı, monoqrafiya, dərs vəsaitinin müəllifidir.