
Bu gün- 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Artıq biz tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bariz nümunəsi olan həmrəylik günümüzü böyük qürur hissi ilə Tarixi Qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd edirik.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış və hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsini bu əziz günlərdə bir daha ehtiramla yad edirik.
Qalib xalqımıza hər zaman birlik və həmrəylik arzulayırıq!