
Dekabrın 24-ü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1967-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə, 1977-82-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək “tarix elmləri namizədi” elmi dərəcəsini alıb.
İlham Əliyev 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib. Bu əməliyyatla tarixi Zəfər çalan şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.
Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayır!