XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamına əsasən 22 dekabr 2025-ci il tarixində fakültəmizdə “Dəyirmi masa” keçirildi (qeyd edək ki, 4 iyul 2025-ci il tarixində də Azərbaycan dili kafedrasında şairin yubileyi qeyd olunub).

Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva qeyd etdi ki, Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Tədbirdə Azərbaycan dili kafedrasının dosenti filologiya elmləri doktoru Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Həmid Abbasov, müəllim Vüsal İsgəndərov müxtəlif mövzularda çıxışlar edərək qeyd etdilər ki, Bəxtiyar Vahabzadə bütün ömrü boyu milli dilimizin təəssübünü, qayğısını çəkmiş və bu istiqamətdə xeyli iş görmüş, dilimizin inçəliklərindən, sözdən böyük məharət və incə zövqlə istifadə etmişdir. Tədbirdə çıxış edən Filologiya fakültəsinin I kurs tələbələri –Zəhra Kərimova, Gültən Sultanova,Nərmin İmamquluzadə, Tamella İsmayılova , Aytəkin Allahverdiyeva, Nərmin Həsənova şairin yaradıcılığının bədii xüsusiyyətləri haqqında məlumat verdilər, onun Azərbaycan ədəbiyyatının inkişafında, milli məfkurənin formalaşmasında göstərdiyi xidmətlərdən danışdılar. Qeyd olundu ki, siyasi sistemin təzyiqinə baxmayaraq, Bəxtiyar Vahabzadə əsərlərində həyat həqiqətlərinin poetik ifadəsini verə bilmiş, məhz vətəndaşlıq mövqeyinə, milli ruhun təcəssümünə görə yalnız ölkədə deyil, onun hüdudlarından kənarda, keçmiş sovetlər məkanı, bütün türk dünyası, Avropa və Amerikada da tanınmışdır. 40-dan çox kitabı ölkədən kənarda -Avropada, Amerikada nəşr olunan Vahabzadənin əsərləri hətta koreya dilində də nəşr olunmuşdur.
Tədbirdə həmçinin qeyd edildi ki, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, dosent Yadigar Əliyev və Türkiyə Ardahan Universiteti, İnsani Bilimlər fakültəsi, Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümü ögrətim üyesi, bölüm başkanı Sureddin Memmedlinin müştərəkliyi ilə “Bahtiyar Vahabzadə şiirlerinde dilsel yenilikçiliğin öne çıkan özellikleri” adlı məqalə yazılmış və nüfuzlu “Bürküt” Türk Dünyası Dergisində çap olunmuşdur.
Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi, şairin öz səsi ilə şeirlər və onun şeirlərinə yazılmış mahnılar səsləndirildi.