44 günlük
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə
zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş
silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə
edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu.
17 oktyabr 2020-ci il tarixində baş vermiş terror
hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən
cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən
ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü
qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla
48 vətəndaş ağır xəsarətlər aldı.
Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak
olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175
nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və
uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.
Erməni terroru zamanı həyatlarını itirən insanlara Allahdan rəhmət, yaxınlarına
səbr diləyirik.