Tədbir faciədə həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözünü fakültənin dekanı professor Mübariz Yusifov söyləyib. Xocalı soyqırımının Azərbaycan tarixindəki dərin izinin silinməyəcəyi və hər zaman xatırlanacağı vurğulanıb və 1992-ci il fevral ayının 26-da Xocalıda erməni hərbçiləri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırımı haqqında geniş məlumat verib. Soyqırımı zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyi, 1000 nəfərdən çox dinc sakinin güllə yaralarından əlil olduğu, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib. Azyaşlı uşaqlara və qadınlara qarşı edilmiş vəhşiliklər xüsusi qeyd olunb və vurğulanıb ki, bu cinayəti törədənlərin cəzasız qalmaması üçün Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyətinə bütün reallıqları ilə davamlı şəkildə çatdırılmalıdır.
Sonra Praktik xarici dillər kafedrasının baş müəllimi Cahan Ağamirov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar. Müəllim həmçinin deyib ki, bu gün eyni siyasət Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Fondun Rusiya nümayəndəliyi tərəfindən həyata keçirilir.
Daha sonra Azərbaycan dili kafedrasının baş müəllimi Aytən Əhmədova Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüb, Xocalı həqiqətlərinin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyini vurğulayıblar.
Tədbir Azərbaycan tarixinə və Xocalı faciəsinə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başa çatıb.