Konfransların keçirilməsində məqsəd Hüseyn Cavidin zəngin ümumbəşəri irsinin tədqiqi və təbliği sahəsində ayrı-ayrı ölkələrin alimləri və tədqiqatçıları ilə fikir mübadiləsi aparmaqla səmərəli nəticənin əldə edilməsi idi. Elmi konfranslarda dəfələrlə vurğulanmışdır ki, Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdir əvəzi, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xəlil qızı Yusifli, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazova, baş müəllimlər Yeganə Sabir qızı Hüseynova, Aygün Mədət qızı Əhmədova, Azərbaycan dili kafedrasının baş müəllimi Aytən Ərzulla qızı Əhmədova və Günay Hüseynova bu mötəbər Elmi Konfranslarda uğurla çıxış etmişlər.