21 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzi (DİM) Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydaları ilə bağlı seminarlar keçirmişdir.Seminarlarda Gəncə və Naftalan şəhərlərinin, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarının təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil müəssisələrinin müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri iştirak etmişlər.Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qəbul qaydalarına dair təqdimat etmiş, bu sahədə aparılan işlər haqqında ətraflı məlumat vermişdir.Sevindirici haldır ki, bu seminarda Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının əməkdaşları baş müəllim Aytən Əhmədova, müəllim Aynur Orucova və Samirə Quliyeva iştirak etmişlər. Baş müəllim Aytən Əhmədova yeni qəbul qaydaları ilə bağlı suallarını Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadəyə ünvanlamışdır.Seminar daha sonra Azərbaycan dili və riyaziyyat bölmələrində davam etdirilmişdir.