



5 noyabr 2025-ci il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazovanın magistratura təhsil səviyyəsinin Filologiya ixtisası üzrə I kurs magistrantlarına “Bədii sistemlər, ədəbi cərəyanlar və yaradıcılıq metodları” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərsdə Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, kafedranın əməkdaşları – Xatirə Məhərrəmova, Günay İsmayılova, Xəyalə İbrahimova, Elnurə Tağıyeva, Həmayil Həsənova, Lalə Əhmədova və magistrantlar iştirak etmişlər.
Magistratura təhsil səviyyəsinin Filologiya ixtisası üzrə I kurs magistrantlarına keçilən açıq dərsdə dosent Səba Namazova ədəbiyyat nəzəriyyəsi elminin mübahisəli problemlərindən olan ədəbi cərəyan və ədəbi metod məsələsinin mahiyyətindən ətraflı və müfəssəl şəkildə bəhs etdi. Onu da vurğuladı ki, ədəbi cərəyanla yanaşı, ona sinonim kimi ədəbi istiqamət anlayışı da işlənir. Bununla belə, ədəbi cərəyan daha geniş anlayışıdır. Ədəbi istiqamət metod və üslub oxşarlıqları iləbağlı bir anlam kəsb edir. Cərəyanın formalaşması üçün bütün ədəbi-bədii, poetik-fəlsəfi komponentlərlə bərabər, tarixi mühit və şərait, həmçinin ideoloji maraq ümumiliyi zəruridir.
Sözü gedən dərsin gedişi, istifadə edilən müasir təlim metodlarının düzgün və qaydalara uyğun şəkildə seçilməsi və tətbiqi, həmçinin dərsdə istifadə olunan əyani vasitələrin zənginliyi rəğbət doğurdu. Fənn müəllimi fil.ü.f.d., dosent Səba Namazovanın mövzuya orijinal şəkildə yanaşması, gözəl nitq bacarığına malik olması, fikirlərinin rəvanlığı və ardıcıllığı, mövzunun zəngin materiallara söykənilməklə nümunəvi tədrisi özgünlüyü ilə diqqət çəkdi və təqdir olundu.