
XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı.150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmişdir.
Ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilmişdir. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikalantiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər vəzabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.