“HÜSEYN ARİFİN POEZİYASI” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLDİ

11 fevral 2025-ci il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyevin “Hüseyn Arifin poeziyası” mövzusunda sazlı-sözlü elmi seminarı dinləyicilərdə xoş təəssüratlar yaratdı.

Böyüklə, kiçiklə həmsöhbət olan,
Canında tükənməz hərarət olan,
Gücü xalq, dayağı təbiət olan
Bir şair həyatda unudularmı?
Bu misraların müəllifi unudulmaz Xalq şairimiz Hüseyn Arifdir.
Hüseyn Arifdən söz açanda “təbiət şairi” ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. Hüseyn Arif təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindir.
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım.
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.

Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Yarıb buludları dinəndə qartal,
O səsə bərabər bir səs harda var.

Torpağın ətrini fikirləşəndə,
İpək tellərinə çiçək taxarsan.
Səhərlər yadına güzgü düşəndə
Maral baxan gölə sən də baxarsan.

Titrəmə soyuğa, yanma sazağa,
Üşüsək, otlardan yorğan istərik.
Daş-kəsək toxunsa ələ, ayağa,
Loğman çiçəklərdən dərman istərik.

Unudulmaz Xalq şairi Hüseyn Arifin söz gülşənindən seçmələr dilə gəldi. Seminar boyunca sazın məlahətli ifası könülləri şad etdi.