Bir alim ömrü əbədiyyətə qovuşdu….

Bu gün Gəncə Dövlət Universitetinin professoru, Filologiya üzrə elmlər doktoru , Əməkdar elm xadimi, ədəbiyyatımızın  yorulmaz tədqiqatçısı dünyasını dəyişdi.

Dəyərli professor 1961-ci ildən elmi fəaliyyətlə məşğul olmuşdur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” , “Şərqdə İntibah və Nizami Gəncəvi” adlı monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə, Nizami ilə bağlı 200-ə yaxın  məqalə yazıb nəşr etdirmişdir. Yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması Yusifli   Xəlil  Həmid oğluna həvalə olunmuşdu. Xəlil Yusifli  qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biri olmuşdur.

Peyğəmbər Əleyhissalam buyururdu: “Elmindən fayda gələn alim min abiddən irəlidir”. Bəli, Xəlil müəllim zəkası ilə xalqına, vətəninə fayda gətirən elm yolçusu idi. Alim qələmindən çıxan  dərsliklər, monoqrafiyalar, məqalələr  Azərbaycan elminə  parlaq töhfələr vermişdir.

Xəlil müəllim insani keyfiyyətləri ilə də müəllim və şagird heyətinin sevimlisi idi. O, hər birimizin xatirində həssas, mehriban, yüksək mədəni keyfiyyətlərə malik olan bir şəxsiyyət kimi qalacaq.

Allah rəhmət eləsin!