“Nizami Gəncəvi ili”nə həsr olunmuş elmi seminar

7 may 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili və Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedralarının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunmuş onlayn elmi seminar keçirilmişdir.Seminarda ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının müdiri  professor Buludxan Xəlilovun “Mehdi Hüseynin yaradıcılığında Nizaminin bədii obrazı”, GDU-nun “Azərbaycan dili” kafedrasının professoru Mübariz Yusifovun “Nizami şəxsiyyəti”, dos.Gülarə Məlikovanın “Nizamidə hərfi və işarə rəmzləri”, f.ü.f.d.,b/m.Sevinc Qəmbərovanın “Nizami yaradıcılığında qadın konsepsiyası”, “Xudafərin” jurnalının baş redaktoru, Zəncan Universitetinin prof. Hüseyn Şərqi Soytürkün “Nizaminin anadilli şeirləri” mövzularındakı məruzələri və digər filoloq-alimlərin çıxışları böyük maraqla dinlənilmişdir.

4 saatdan çox davam edən seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və digər təşkilatlardan 200-dən çox iştirakçı qoşulmuşdur. Tədbirə qoşulan ali məktəb tələbələri və orta məktəb şagirdləri yeri gəldikcə  Nizaminin şeirlərindən səsləndirərək tədbirə rəng qatmışlar. Seminarın yekununda prof.Buludxan Xəlilov və prof.Telman Quliyev məruzəçilərə və iştirakçılara öz minnətdarlıqlarını bildirmişlər.