21 fevral 2024-cü ildə Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Səba Namazovanın təşəbbüsü ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dili hər bir xalqın milli kimliyidir!” mövzusunda tədbir keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, fakültənin dekan müavini fil.ü.f.d. b.m. Mehriban Məmmədova, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, “Azərbaycan və dünya ədəbiyyatı”, həmçinin “Azərbaycan dili” kafedralarının əməkdaşları, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının tələbələri iştirak edirdilər.
Beynəlxalq Ana Dili Gününün tarixinə dair məlumat verən moderator dos. Səba Namazova dilimizin saflığını, gözəlliyini qorumağın, dilə sevgi ilə yanaşmağın vacibliyini məxsusi vurğulayaraq ölkəmizdə Ana dilinin hərtərəfli inkişafında, beynəlxalq münasibətlər sistemində yer almasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib hazırda bu ənənənin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini böyük fəxr hissi ilə qeyd etdi.
Tədbirdə fil.e.d. Yadigar Əliyevin “Müasir Azərbaycan dilində yan təsirlər” və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Səba Namazovanın “XX əsrin əvvəllərinin Azərbaycan publisistikasında Ana dilinə münasibət məsələsi” adlı olduqca maraqlı və məzmunlu məruzələri dinlənildi, Beynəlxalq Ana dili gününə həsr olunmuş videoçarx nümayiş edilərək, musiqi parçaları səsləndirildi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III3 kurs tələbəsi Nigar Məmmədəovanın, II1 kurstələbəsi Rüqəyya Əliyevanın ifasında Tofiq Bayramın “Ana dili”, Bəxtiyar Vahabzadənin “Ana dili” adlı şeirləri təqdim olundu.
“Ana dili hər bir xalqın milli kimliyidir! ” adlı tədbirin yekununda xüsusi fəallıq göstərən tələbələrə dos. Səba Namazovanın müəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” adlı dərs vəsaiti hədiyyə edildi.
Ümumilikdə tədbir dinləyicilərdə böyük maraq, diqqət doğuraraq alqışlarla qarşılandı.