24 oktyabr 2022-ci il tarixdə Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunda “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda açıq dərsi keçirildi. Olduqca uğurlu keçən açıq dərsdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı, dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova, baş müəllimlər Könül Məmmədova, Aytən Muşkiyeva, baş laborantlar Günay İsmayılova, Elnurə Tağıyeva iştirak etmişlər.
Səba Namazova mövzuya keçməzdən öncə 24 oktyabrda dünyaya göz açmış, bu il 140-cı ildönümünü qeyd etdiyimiz görkəmli romantik şair və dramaturq Hüseyn Cavidin xatirəsini ehtiramla yad etdi, qüdrətli söz ustadının böyük şəxsiyyəti və zəngin yaradıcılığının bir sıra məqamlarından bəhs etdi. Daha sonra fənn müəllimi vurğuladı ki, Azərbaycan Cümhuriyyəti dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası, publisistik düşüncəsi, o cümlədən təbii ki, teatrı olmuşdur. Sözügedən yaradıcılıq sahələrinin hər birində milli rəmzi elementləri ifadə edən bədii nümunələrə üstünlük verilmişdir. Əfsuslar olsun ki, o zamanlar uzun müddət mətbuatın və həmin dövrdə yazıb-yaratmış bir sıra ziyalıların milli ruhu oyatmağa yönəlmiş fəaliyyətlərinin üzərindən xətt çəkilərək Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və başqa bu kimi sənətkarların demək olar ki, əsərlərinin bütün nəşrlərində bədii irsləri tam halda əksini tapmamışdır. Azərbaycanın istiqlalına qovuşduğu dönəmlərdə daha çox gərək olan həmin bədii mətnlər illər boyu yasaq edilərək xalqdan gizlədilmişdir.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını tərənnüm edən olduqca zəngin poeziya, nəsr, dramaturgiya, publisistika, ədəbi tənqid, ümumən fəal ədəbi hərəkat o dövrlərdə fərəh doğuran haldır ki, mövcud olmuşdur.
Dolğun, əhatəli, faktların zənginliyi baxımından mükəmməl olan dərsin gedişində müasir təlim metodlarının düzgün və qaydalara uyğun şəkildə seçilməsi və tətbiqi, həmçinin istifadə olunan əyani vasitələrin zənginliyi məxsusi diqqət doğurdu. Fənn müəllimi fil.ü.f.d. dos. Səba Namazovanın mövzuya orijinal şəkildə yanaşmasının, gözəl nitq bacarığına malik olmasının, fikirlərinin rəvanlığı və ardıcıllığının, mövzunun zəngin materiallara söykənilməklə tədrisinin xüsusi bir rəğbət doğurduğunu dərs haqqında rəylərini və qənaətlərini bölüşən natiqlər dilə gətirdilər. Hətta, tələbələr də dərsin gedişatına dair düşüncələrini bildirərkən onlarda doğurduğu xoş təəssüratları ifadə etdilər. Özgün, zəngin təəssüratlarla səciyyələnən, son dərəcə kövrək duyğular doğuran, mənalı anlarla əlamətdar olan bu dərs Filologiya fakültəsində ən nümunəvi açıq dərs kimi təqdir olundu, məxsusi dəyərləndirildi.