Şanlı zəfər yolunun başlanğıc günü olan 27
Sentyabr Prezidentin sərəncamı ilə Anım Günü kimi tarixə yazıldı. Bu, Vətən
müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən
torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması
zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə
borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş
silahlı qüvvələrin hərbi qulluqçuları müzəffər Ali Baş Komandan İlham Əliyevin
sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.
Yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı”
adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”,
“Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”,
“Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”,
“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın
azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad
olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına
görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi
xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən
sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb
tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən, mükafatlardan da ən
uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var
olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə
əbədi yaşayacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs
torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak
olmuş Salyan rayonundan da 60 nəfər şəhidimiz vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
can sağlığı versin!