Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan GDU-nun humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva qeyd etdi ki, 27 Sentyabr xalqımızın tarixində əhəmiyyətli bir gündür. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Tədbirdə Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Maqbet Əhmədov, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova çıxış edərək 44 gündə ordumuzun keçdiyi zəfər yolundan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın və bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsindən söz açdılar. Maqbet müəllim özünün şəhidlərə həsr etdiyi şeirini, Filologiya fakültəsinin IV kurs tələbələri Nuranə Paşayeva və Ceylan Rüstəmova isə şair-publisist Musa Urutun “Qarabağ Azərbaycandır” və “Qayıtdıq” adlı şeirlərini səsləndirdilər.