Gəncə Dövlət Universitetinin Filologiya fakultəsində Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş elmi seminar keçirildi.
GDU-nun elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın vətənpərvərlik ideyalarından, xalq qarşısında gördüyü xidmətlərdən bəhs etdilər. Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimləri Aygün Əhmədovanın “İstiqlal şairi”, Vüsal İsgəndərovun “Əhməd Cavad və Azərbaycan poeziyası” mövzularında məruzələri dinlənildi.
Tədbirdə Filologiya fakultəsinin tələbəsi Günel Məhərrəmovanın ifasında Əhməd Cavadın “Susmaram” şeiri səsləndirildikdən sonra fakultənin ikinci kurs tələbələri-Nəzrin və İlhamə Hüseynovalar, Seyhun Rzayev və Mahnurə Məmmədova müxtəlif mövzularda çıxışlar etdilər.