02.05.2019-cu il tarixdə GDU-nun şəhərimizin orta ümumtəhsil məktəbləri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan dili kafedrasının müəllimi f.ü.f.d. S.Qəmbərovanın İ.Qayıbov adına 1 saylı orta məktəbin akt zalında “Şagirdlərin nitq mədəniyyətinin inkişafında Azərbaycan dili dərslərinin rolu” mövzusunda nümunəvi açıq dərsi keçirilmişdir. Dərsdə Azərbaycan dili kafedrasının müdiri prof. T.Quliyev, Təcrübə və karyera şöbəsinin müdiri dos.C.Qarayev, f.ü.f.d. A.Əhmədova, b.m.E.Əliyeva, b.l.S.Mustafayeva, b.l.İ.Qapçıyeva, kafedranın digər əməkdaşları, məktəbin direktoru M.Qarayeva, direktor müavinləri T.Həsənova, N.Məmmədova, məktəbin dil-ədəbiyyat müəllimləri S.Balakişiyeva, Y.Abdullayeva, məktəbin psixoloqu M.Heydərova və yuxarı sinif şagirdləri iştirak etmişlər.
Dərsdə fəal (interaktiv) təlimin bir çox metod və üsullarına müraciət olunmuş, mövzuya uyğun video və slaydlardan istifadə edilmişdir. Mədəni nitqə verilən tələblər (nitqin təmizliyi, aydınlığı, yığcamlığı, zənginliyi və s.) sadalanaraq aydınlaşdırılmışdır. Daha sonra şagirdlərin nitq mədəniyyətinin formalaşdırılması üçün konkret yollar (mütaliə, məruzə, ekskursiya və s.) haqqında dolğun və əhatəli şəkildə bəhs olunmuş, yeri gəldikcə auditoriya ilə əks əlaqə yaradılmışdır. Dərsdə mövzu ilə bağlı ədəbiyyatın zənginliyi də diqqəti çəkmişdir. Dərs dinləyicilər tərəfindən müsbət qarşılanmış, sonda dos.C.Qarayev və məktəbin direktoru M. Qarayeva bu haqda xoş sözlər söyləmişlər.