MİRZƏ ŞƏFİ VAZEHİN YARADICILIĞI AZƏRBAYCAN İLƏ AVROPA ARASINDA ƏDƏBİ-MƏDƏNİ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MÜHÜM YER TUTUR

Gəncə Dövlət Universitetində Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşadıb və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs yaradan Mirzə Şəfi Vazehin bədii yaradıcılığı ilə bağlı tədbir keçirilib. Tədbirdə universitetin Humanitar məsəslələr üzrə prorektoru dosen Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.Gülsüm Fətəliyeva çıxışında Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərarı və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamını iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu da Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitablar nəşr etdirib. Həmçinin Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilib.

Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov  “Mirzə Şəfi poeziyasında irfançılıq”, Azərbaycan və dünya ədəbiyyatının əməkdaşları- baş müəllim Yeganə Hüseyinova “Azərbaycan klassik ədəbiyyatında Mirzə Şəfi Vazeh poeziyasının yeri”, baş müəllim Aygün Əhmədova “Mirzə Şəfi Vazeh poeziyasının ritmik xüsusiyyətləri”, baş müəllim Həmid Abbasov “Mirzə Şəfi Vazeh və Bodenştet münasibətləri” mövzularında məruzələri dinlənilib.
Qeyd edilib ki, Mirzə Şəfi Vazeh 1794-cü il iyunun 14-də Gəncədə anadan olub. Erkən yaşlarından poeziyaya böyük həvəs göstərən Mirzə Şəfi Vazeh mədrəsədə dinin əsaslarını öyrənib, burada təhsilini başa çatdırdıqdan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Ərəb və fars dillərini öyrəndikdən sonra Şərqin bir çox klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub. Şəfi sonralar Vazeh təxəllüsü ilə Azərbaycan və fars dillərində şeirlər yazaraq bu dillərin poeziya ənənələrini inkişaf etdirib. Şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edib. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olub. Şair sonradan yaradıcılığını Tiflisdə davam etdirib. O, 1820-ci illərdə Gəncədə yaratdığı “Divani-Hikmət” ədəbi məclisinin fəaliyyətini 1844-cü ildə Tiflisdə yenidən bərpa edib. Həmin dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. O vaxt Qafqaza gəlmiş alman şairi və şərqşünası Fridrix fon Bodenştedt də sözün həqiqi mənasında mədəniyyət və ədəbiyyat ocağı olan, Qərbi Avropa, rus və Azərbaycan poeziyasını özündə birləşdirən “Divani-Hikmət” məclisinə gəlir, burada Vazehdən fars və Azərbaycan dili dərsləri alırdı. Vazehdən Şərq dilləri dərsi alan Bodenştedt Almaniyaya qayıtdıqdan sonra şairin şeirlərini tərcümə edərək nəşr etdirir. Onun tərcüməsində Mirzə Şəfi Vazehin şeirləri dünya şöhrəti qazanır. Bir sözlə, milli poeziyamızın klassiki Mirzə Şəfi Vazehin yaradıcılığı Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutur. Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında onun yaradıcılığının böyük əhəmiyyəti vardır. Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir.