“Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nəailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq, eyni zamanda ölkəmizi xarici gənc alimlərə tanıtmaqdır.
Konfransın açılış mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov I Beynəlxalq Elmi Konfransın Ümummilli Lider Heydər Əliyevə həsr olunduğunu qeyd etdi. Rektor bildirdi ki , Ümummilli Lider hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt ölkənin iqtisadiyyatı ilə yanaşı elm və təhsilin inkişafına öz töhvəsini verib. Belə ki, həmin dövrdə Azərbaycanda 5 Ali təhsil müəssisəsi və çox sayda elmi-tədqiqat institutları açılıb.
Müstəqillik dövründə də Azərbaycan elmi və təhsili Ümummilli Lider Heydər Əliyevdən və onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevdən diqqət və qayğı görür. Gənc alimlər də bu qayğıdan yararlanmaqla ölkəmizdə elmin inkişafına öz xidmətini göstərməlidir. Konfransların keçirilməsi universitetdə elmi mühitin inkişafı ilə yanaşı universitetlər arası əlaqənin inkişafını da təmin edir. ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya kimi 20 ölkədən konfransa 700 məruzə qəbul olunduğunu vurğulayan rektor konfransın işinə uğurlar arzulayıb.
T.e.d. Eldar Şahbazov, Moskva Dövlət Universtitetinin aspirantı Alyona Valınçeva, BMU-nun müəllimi Asif Məmmədov və Milli Aviasiya Akademiyasının tələbəsi Murad Ağayev konfransın plenar iclasında məruzə ilə çıxış ediblər.
Konfrans Mühəndislik elmləri, Təbiət elmləri, İqtisadiyyat elmləri, Filologiya elmləri, Pedaqogika, Tarix və Hüquq elmi istiqamətləri üzrə işini davam etdirib.
Konfransın açılış günü plenar iclasda elm sahəsində UNESKO mükafatçıları, t.e.d., prof. Eldar Şahbazov, t.e.d. ,prof. Elçin Kazımov ilk olaraq cıxış etdilər. Sonra isə konfransda digər iştirakçılar,o cümlədən Moskva Dövlət Universitetindən Alena Volnseva öz fikirlərini konfrans iştitakçıları ilə bölüşdü.
Konfrans öz işini bölmə iclaslarında davam etdirdi. Sevindirici haldir ki, Gəncə Dövlət Universitetinin tələbələri də bu konfransda fəal iştirak etmişlər. Filologiya elmləri doktoru, professor Mübariz Yusifovun və Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi Sevinc Qəmbərovanın və Aytən Əhmdovanın elmi rəhbərliyi ilə tələbələrimiz müxtəlif mövzularda məqalələr işləmişlər və məqalələr təşkilatçılar tərəfindən qəbul olunmuşdur. Tələbələrimiz çıxışlarına görə sertifikatla mükafatlandırılmışlar.
İlkin Abbasov “İmadəddin Nəsiminin “Divan”ında qrammatik arxaizmlər” və “Nizami Gəncəvinin əsərlərində Azərbaycan sözləri” mövzularında, Bayramova Günel isə “Qərib Mehdinin ” Ölmə” essesinin dili”, Ayşən Ağayeva “Kütləvi informasiya vasitələrində ədəbi dil normalarınin pozulması”, Zümrüd Məhərrəmova “Atalar sözlərində frazeologizmlər”, Türkan Qurbanova “C.Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları əsərində vulqarizmlər”mövzusunda çıxış etmişlər.