TANINMIŞ UŞAQ ŞAİRİ, DRAMATURQ, SİMAX ŞEYDANIN YARADICILLIQ GECƏSİ KEÇİRİLMİŞDİR

Dünyada uşaq dünyası qədər sadə, aydın, obrazlı, düşündürücü və pak bədii ədəbiyyat mənbəyi göstərmək çətindir. Ədəbiyyatın ən iddiasız, saf, təmənnasız sahəsidir uşaq ədəbiyyatı. Yalnız ona görə yox ki, məsum, təmiz uşaq mənəviyyatına xidmətlə məşğuldur, həm də ona görə ki, bu yöndə qələm çalanlar heç bir dəyərləndirmə, təltif, mükafat ummadan yazıb-yaradırlar. Belə qələm sahiblərindən biri də tanınmış uşaq şairi, dramaturq, Azərbaycan və İsrail Yazarlar birliyinin üzvü Simax Şeydadır.

        Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə videoçarx vasitəsilə şairin ömür və yaradıcılıq yoluna nəzər salındı. Azərbaycan poeziyasının qüdrətli yaradıcılarından biri olan Nəriman Həsənzadənin şair dostu haqqında xatirələri dinlənildi. 

       Daha sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzmiyə Axundova, yazıçı-publisist, politoloq  Reyhan Mirzəzadə, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu, Ədəbiyyat şöbəsinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Gəncə Dövlət Universitetinin dosentiSevda Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova çıxış edərək şairin 40-cı illərdən etibarən Gəncədə böyüyüb boya-başa çatması, təhsil illəri,bu ədəbi mühitin onun şair kimi formalaşmasındakı müstəsna rolundan bəhs etdilər.Eyni zamanda qeyd olundu ki, milli mənsubiyyətcə dağ yəhudisi olan şair həmişə ona doğma və əziz olan Azərbaycan türkcəsində yazıb-yaradıb.Onun 34 kitabından 11-i uşaqlara həsr olunub. Uşaqlarımızda milli müəyyənlik, milli düşüncə formalaşdırmaq istəyi, üçrəngli bayrağımız, himnimizlə öyünmək, vətən, Qarabağ mövzusu, yurd yerlərimizin, şəhid oğullarımızın obrazı, onların tərənnümü bu kitablara daxil edilmiş əsərlərin əsas mövzularını əhatə edir.Onların əksəriyyəti Amerikada, Kanadada, İsraildə də nəşr edilib. Şair həm də Azərbaycan ədəbiyyatının təbliği istiqamətində də böyük işlərin müəllifi olub. Belə ki, klassik ədəbiyyatımızdan tutmuş Çağdaş dönəmə qədər qələm sahiblərinin əsərlərini yəhudi dilinə tərcümə edərək dünyanın bir çox ölkələrinə yayılması istiqamətində də böyük işlər görüb. 

       Ədəbi-bədii gecədə Filologiya fakültəsinin tələbələrinin və Gəncə və Samux məktəblilərinin ifasında şairin qələmə aldığı şeirlər və sözlərinə bəstələnmiş mahnılar dinlənildi.

        Sonda şairin Almaniyada yaşayan ailə üzvlərinin videobağlantı vasitəsilə ürək sözləri dinlənildi. Şairin bacısı Zibeydə xanım Yuşbayeva şairin yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. 

       Tədbirin sonunda iştirakçılara xatirə olaraq təşəkkürnamələr və şairin kitabları paylanıldı.