
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparan yol idi… Bu yolun yolçuları təkcə Qara Yanvarda ölümün və imperiya cəlladlarının gözlərinə dik baxanlar deyil, bütövlükdə xalqımız idi…
O gecə şəhidlik zirvəsinə bir yol açıldı. Kimimiz o gecə, kimimiz isə sonralar Qarabağda, Vətənimizin digər guşələrində, onun azadlığı, torpaqlarının müdafiəsi uğrunda şəhid oldu..
Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 35-ci ildönümünü böyük Qələbəmizin sevinci, qüruru ilə qeyd edir. Artıq Şəhidlər Xiyabanında uyuyan 20 Yanvar qurbanlarının, eləcə də 1-ci Qarabağ savaşında həlak olan yüzlərlə qəhrəman oğullarımızın qanı yerdə qalmadı, onların qisası düşməndən alındı. Artıq şəhidlərimizin ruhu şaddır, canlarından keçdikləri Vətən torpaqları düşmən tapdağından azad olunub, Ali baş komandan İlham Əliyevin siyasi iradəsi, şanlı Ordumuzun, əsgərlərimizin şücaəti sayəsində Azərbycanın bütövlüyü bərpa olunub, Qarabağımızda, eləcə də digər işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.
Bu günləri bizə bəxş edən, milli qürurumuzu bizə qaytaran və özləri aramızda olmayan şəhidlərimizin ruhu qarşısında baş əyirik.