Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva açaraq, böyük ədibin həyat və fəaliyyətindən danışıb.
Bildirilib ki, qədim Gəncə torpağı Azərbaycan elminə və mədəniyyətinə, ədəbiyyat və incəsənətinə bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Bu gün 110 illik yubileyini yüksək qürur hissi ilə qeyd etdiyimiz akademik Həmid Araslı da belə şəxsiyyətlərdən biridir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.
O, Azərbaycan ədəbiyyatşünaslığında Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Saib Təbrizi, Mirzə Fətəli Axundov və digər görkəmli klassiklərin tədqiqatçısı kimi tanınıb, Azərbaycan və Özbəkistanın Əməkdar elm xadimi adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub.
Prorektor Gülsüm Fətəliyeva onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsində fəal iştirak edən, bu yubileyə öz töhfəsini verən alimlərdən biri də Həmid Araslı olub. Onun “İmadəddin Nəsimi” monoqrafiyası Azərbaycan, türk, ərəb, fars, rus, ingilis və fransız dillərində 16 min tirajla nəşr edilib. Bu kitabın belə yüksək tirajla işıq üzü görməsində Ulu Öndərin böyük xidməti xüsusi qeyd olunmalıdır. Çünki o dövrdə bəzi qüvvələr həm Azərbaycanda, həm də Moskvada bu yubileyin keçirilməsinə, Nəsiminin əsərlərinin dünyada yayılmasına mane olmaq istəyirdilər. Lakin Heydər Əliyevin qətiyyəti və əzmkarlığı qarşısında bu qara qüvvələr geri çəkilməyə məcbur oldular.
Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi Ulu Öndərin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi qayğının uğurla davam etdirildiyinin parlaq nümunəsidir. “Kitabi-Dədə Qorqud” dastanının ilk dəfə çap olunması da Həmid Araslının xalqımız qarşısında göstərdiyi fədakarlıq kimi qiymətləndirilir. Çünki 50-ci illərdə bu dastanın çapı qadağan edilmiş, Həmid Araslıya qərəzli hücumlar olmuşdu. Yenə də Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə qeyd olunması Həmid Araslının nə qədər şərəfli və gərəkli bir işi həyata keçirdiyini sübut etdi. Təəssüf ki, bu yubileyi görmək böyük alimə nəsib olmadı.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent və müəllimləri məruzələrində akademikin həyat və yaradıcılıq yolundan bəhs ediblər. Bildirilib ki, Həmid Araslı uzun illər indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatından mühazirələr oxuyub, 20 ilə yaxın bu universitetdə kafedra müdiri işləyib. Onun ali və orta məktəblər üçün yazdığı dərsliklər uzun illər kütləvi tirajla nəşr edilib. Həmid Araslı səmərəli elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək təşkilatçı olub. O, müxtəlif illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, akademiyanın Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru vəzifələrində çalışıb. Kənd müəllimindən akademikliyədək şərəfli bir ömür yolu keçən Həmid Araslının xatirəsi həmişə əziz tutulur.
Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, “İmadəddin Nəsimi”, “Xaqani Şirvani”, “Şairin həyatı” və başqa əsərləri elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Məhəmməd Füzulinin əsərlərinin elmi-ədəbi mətninin hazırlanıb çap olunması onun adı ilə bağlıdır. “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası indi də öz elmi əhəmiyyətini və aktuallığını saxlayır.