25 may 2019-cu il tarixində Qazax şəhərində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş “AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Unversiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının himayəsi altında keçirilən Konfransda Gəncə Dövlət Universiteti nüfuzlu heyətlə təmsil olunmuşdur. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin professoru, Əməkdar Elm xadimi Xəlil Yusifli Konfransın açılış mərasimində çıxış etmişdir. Konfrans işini bölmə iclaslarında davam etdirmiş, Filologiya fakültəsinin əməkdaşları dos.Afaq Yusfli, dos. Səba Namazova, fil.ü.f.d. Aytən Əhmədova; Pedaqoji fakültənin əməkdaşları ped.ü.f.d. Əsmər Şərifova, ped.ü.f.d. Səidə Nəsibova, psixologiya ü.f.d. Günay Kazımova bölmə iclaslarında məruzə edərək iştirak sertifikatı ilə təltif olunmuşlar. Konfrans işini başa çatdırdıqdan sonra iştirakçılar Qazax Tarix Diyarşünaslıq muzeyində olmuş, Şəhidlər xiyabanını ziyarət etmiş, Qazax Müəllimlər Seminariyasının binası ilə tanış olmuşlar. Tədbir “Avey tarix mədəniyyət qoruğu”nun ərazisində keçirilmiş bədii hissə ilə başa çatmışdır.