Fakültədə Xocalı soyqırımı ilə bağlı “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçirilib

21.02.2019 tarixdə filologiya fakültəsində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Giriş sözünü fakültənin humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev söyləyib. Xocalı soyqırımının Azərbaycan tarixindəki dərin izinin silinməyəcəyi və hər zaman xatırlanacağı vurğulanıb və 1992-ci il fevral ayının 26-da Xocalıda erməni hərbçiləri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırımı haqqında geniş məlumat verib. Soyqırımı zamanı 613 nəfərin amansızlıqla qətlə yetirildiyi, 1000 nəfərdən çox dinc sakinin güllə yaralarından əlil olduğu, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib. Azyaşlı uşaqlara və qadınlara qarşı edilmiş vəhşiliklər xüsusi qeyd olunb və vurğulanıb ki, bu cinayəti törədənlərin cəzasız qalmaması üçün Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyətinə bütün reallıqları ilə davamlı şəkildə çatdırılmalıdır.

Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyət başına gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmışlar.

Daha sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, f.f.d, dosent əvəzi Səba Namazova Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüb, Xocalı həqiqətlərinin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyini vurğulayıblar.