Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir

17 dekabr 2018-ci il tarixdə Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazovanın rəhbərliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kurs tələbələrinin iştirakı ilə istedadlı şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Filologiya fakültəsinin dekanı, professor Mübariz Yusifov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Maqbet Əhmədov, dekan müavini, baş müəllim Nadir Kubışev və kafedra əməkdaşları iştirak etdilər. Tədbir iştirakçıları bir neçə saatlıq da olsa, Mikayıl Müşfiq poeziyasının əsrarəngiz sehrinə daldılar. Tədbirdə iştirak edən hər kəs misilsiz  poetik nümunələr müəllifi, nakam şair Mikayıl Müşfiq yaradıcılığı ilə bağlı düşüncələrin yer aldığı, onun xatirəsinə həsr edilmiş, son dərəcə kövrək duyğular doğuran, mənalı anlarla əlamətdar olan ədəbi-bədii tədbirin təşkilindən məmnunluqlarını bildirdilər.