Fakültədə Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

6 iyun 2018-ci il tarixdə universitetin Filologiya fakültəsində Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültənin tərbiyə işləri üzrə dekan müavini b.m Nadir Kubişev, Azərbaycan dili  kafedrasının müdiri prof.Telman Quliyev, fakültədə fəaliyyət göstərən kafedraların əməkdaşları və tələbələr  iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən  Gülsüm Fətəliyeva qeyd etdi ki, 1991-1993-cü illərdə baş verən siyasi təbəddülatlar, iqtisadi böhran, siyasi hərc-mərcliyin doğurduğu anarxiya və cəbhədəki uğursuzluqlar Azərbaycana qətiyyətli, təcrübəli liderin rəhbərlik etməsini qaçılmaz zərurətə çevirmişdi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ uzun illər əvvəl qazanmış Heydər Əliyev idi. Ümummilli Liderin rəhbərliyi ilə hələ 1969-1982-ci illərdə ictimai həyatın müxtəlif sahələrində köklü dəyişikliklər baş verib, öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində şanlı səhifələr yazılıb.