Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları VI Qlobal Bakı Forumunda

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar. Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq.

VI Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Nizami Gəncəvi mərkəzi “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda Beynəlxalq elmi Konfrans keçirilmişdir. Həmin konfransda  Gəncə Dövlət universitetinin professoru, Əməkdar elm xadimi, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin  direktoru Xəlil Yusifli  və  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Afaq Yusifli iştirak etmişdir.