DOSENT YEGANƏ HÜSEYNOVA ” 10. TÜRK KÜLTÜRÜ ” KONQRESİNDƏ İŞTİRAK ETMİŞDİR

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu. Türk xalqları arasında elmi, mədəni və ədəbi əlaqələrin möhkəmlənməsi bu birliyin daha da dərinləşdiyini göstərir. Bu ərəfədə 8-10 oktyabr 2025-ci il tarixlərində Ankarada Atatürk Kültür Mərkəzi Başkanlığı tərəfindən keçirilən 10. Türk Kültürü Konqresi də bu istiqamətdə əhəmiyyətli elmi hadisələrdən biri kimi yadda qaldı. Dünyanın 30 fərqli ölkəsindən dəvət olunan 68 alim bu mötəbər tədbirdə iştirak etmişdir. Azərbaycanı təmsil edən alimlərdən biri də- Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Hüseynova olub.

Yeganə Hüseynova konqresdə “Bəxtiyar Vahabzadə ve Türk dünyası: Şeirlə qurulan birlik” adlı məruzəsi ilə çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında Türk birliyi ideyasının ədəbi təcəssümünü elmi əsaslarla təhlil edib. Alim vurğulayıb ki, Vahabzadənin poeziyasi milli kimliyin qorunması ilə yanaşı, ümumtürk mədəniyyətinin mənəvi dayaqlarını da gücləndirir.

Onu da qeyd edək ki, dosent Yeganə Hüseynova özünün “Bəxtiyar Vahabzadənin poemalar” adlı kitabını Ankaranın ən böyük kitabxanalarından biri olan Atatürk Kültür, Dil və Tarih Yüksek Kurumu Kitabxanasına bağışlayıb.