









4 iyul 2025-ci il tarixində Filologiya fakültəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Gülsüm Fətəliyeva qeyd etdi ki, Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr sənətkarın diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan dili kafedrasının dosenti filologiya elmlər doktoru Yadigar Əliyev “Bəxtiyar Vahabzadənin dil novatorluğu”, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova “Milli istiqlal şairi”, müəllim Ruhanə Xambatova “B.Vahabzadənin dilində məcazlar sistemi “ , müəllim Günel Məmmədova ”Bəxtiyar Vahabzadə yaradıcılığında leksik semantik söz qrupları”mövzusunda çıxışlar edərək şairin dilində işlənən bənzərsiz linqvistik vahidlər, onlarınsemantikası, obrazlılıq göstəriciləri və s. haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, Bəxtiyar Vahabzadə bütün ömrü boyu milli dilimizin təəssübünü, qayğısını çəkmiş və bu istiqamətdə xeyli iş görmüş, dilimizin inçəliklərindən, sözdən böyük məharət və incə zövqlə istifadə etmişdir. Şairin poeziyasına dərindən bələd olduqca ondakı coşqun fikirlərə, yüksək sənətkarlığa, fikir və düşüncənin dərinliyinə heyran qalırsan.
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosentləri Qivami Qazıyev “Müstəqilik ideyasının carçısı” , Yeganə Hüseynova “ Milli ruhun təcəssümçüsü “ mövzusunda olan çıxışlarında şairin yaradıcılığının bədii xüsusiyyətləri haqqında məlumat verdilər, onun Azərbaycan ədəbiyyatının inkişafında , milli məfkurənin formalaşmasında göstərdiyi xidmətlərdən danışdılar. Qeyd olundu ki, XX əsr Azərbaycan ədəbiyyatını B. Vahabzadənin adı olmadan təsəvvürə gətirmək mümkün deyil. Dövrün və siyasi sistemin təzyiqinə baxmayaraq, Bəxtiyar Vahabzadə əsərlərində həyat həqiqətlərinin poetik ifadəsini verə bilmiş, məhz vətəndaşlıq mövqeyinə, milli ruhun təcəssümünə görə yalnız ölkədə deyil, onun hüdudlarından kənarda, keçmiş sovetlər məkanı, bütün türk dünyası, Avropa və Amerikada da tanınmışdır. 40-dan çox kitabı ölkədən kənarda —-Avropada, Amerikada nəşr olunan Vahabzadənin əsərləri hətta koreya dilində də nəşr olunmuşdur.
Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi, şairin öz səsi ilə “Ana dilim”, “Ana” şeirləri səsləndirildi.