





21 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gancəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin Azərbaycan Cümhuriyyətinin 107-ci ilinə ithafən təşkil olunmuş “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı va bədii yaradıcıllığı” kitablarının təqdimatı keçirildi.
Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə reallaşan təqdimat mərasimini Universitetin Elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə açaraq görkəmli alimin zəngin yaradıcılıq yolundan geniş şəkildə bəhs etdi. Daha sonra GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru, dosent Naziymə Axundova, filologiya üzrə fəlsəfədoktorları Aynur Novruzova, Həmid Abbasov, Yeganə Hüseynova çıxış edərək Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” və “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitablarının dəyərindən, müəllifin yüksək yaradıcı məziyyətlərindən bəhs etdilər, alimə sözü gedənqiymətli nəşrlərlə bağlı təbriklərini ünvanladılar. Tədbirdə eyni zamanda professor Asif Rüstəmli Filologiya fakültəsinin tələbələrinin mövzu ətrafında ona ünvanlanan suallarını da cavablandırdı. Ədəbiyyatşünas alim tələbələrin nəzərini gələcək təhsilləri və fəaliyyətləri dönəmində diqqətdə saxlamaları olduqları məqamlara yönəldərək onlara bu istiqamətdə tövsiyələrini bildirdi.
Sonda tədbirin təşkilatçısı, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfədoktoru, dosent Səba Namazova və Filologiya fakültəsində dekan vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Mehriban Məmmədova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə dəvəti qəbul edib fakültənin professor-müəllim heyəti və tələbələri ilə bu günkü görüşə təşrif buyurduğu üçün sonsuz təşəkkürlərini bildiridilər.
Tədbirin sonunda xatirə fotoları çəkildi.