Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsi ev muzeyində böyük hörmət və ehtiramla anıldı!

26 aprel 2024-cü il tarixdə görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsi ev muzeyində böyük hörmət, ehtiramla anıldı! AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin də iştirak,

Və yüksək səviyyədə çıxış etdiyi tədbir dinləyicilərdə böyük maraq doğurdu!

Ruhunuz şad olsun, Mir Cəlal müəllim!

Bu sətirləri Mir Cəlal Paşayevin əbədiyaşar xatirəsinə ithaf edirəm!

“XX yüzil Azərbaycan ədəbi fikrinin klassikləri sırasında nasirlərin məxsusi yeri olduğu danılmazdır. Qüdrətli ədib Cəlil Məmmədquluzadə ilə başlayan bu pleyadaya Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimov, Mirzə İbrahimov, Əli Vəliyev, Əbülhəsən Ələkbərzadə, İlyas Əfəndiyev, Mehdi Hüseyn, İsmayıl Şıxlı, İsa Hüseynov, Yusif Səmədoğlu, Anar, Elçin, İsi Məlikzadə, Sabir Əhmədli, Fərman Kərimzadə, Sabir Azəri, Seyran Səxavət və başqaları daxildir.Həmin sırada Mir Cəlal Paşayevin bənzərsiz yeri, əbədiyaşar mövqeyi, özünəməxsus bədii-tarixi, elmi çəkisi var.

Bəllidir ki, Mir Cəlal bədii yaradıcılığa “Sağlam yollarda” adlı ilk oçerklər kitabı, “Mirzə”, “Həkim Cinayətov”, “Mərkəz adamı”, “Bostan oğrusu”, “Kəmtərovlar ailəsi”, “Anket Anketov” kimi satirik yönlü hekayələri ilə başlamışdır. Göründüyü kimi, görkəmli ədibin yaradıcılığında hekayəçilik mühüm yer almışdır. Onun çoxsayda hekayələrində, ilk növbədə, olduqca səmimi yumor hissi, gülüş mədəniyyətimizin mənalı tərəfləri diqqət çəkir.

Mir Cəlal nəsrinin janr xüsusiyyətləri, mövzu və surətlər aləmi son dərəcə  rəngarəngdir. Həyatın çeşidli sahələrini özündə ehtiva edən maraqlı mövzular, əxlaqi-tərbiyəvi, ailə-məişət məsələləri, dərin mənalar ifadə edən hadisə və süjetlər müəllifin nəinki lirik, dramatik, yumoristik və satirik məzmunlu hekayələrində, ümumən yaradıcılığında yüksək sənətkarlıqla, mükəmməl şəkildə bədii əksini tapmışdır. Yazıçı ilk qələm təcrübələrindən etibarən əsərlərində fikir orijinallığı, dil sadəliyi, kompozisiya yığcamlığı kimi önəmli cəhətləri qorumağa müvəffəq olmuşdur. İnsanda sağlam hisslər oyadan, gerçəkliyə dürüst baxış ifadə edən, haqsızlığa qarşı mübarizə ruhu aşılayan Mir Cəlal yaradıcılığında bədii gülüş vacib estetik məziyyətlərdən idi.

Düzdür, Mir Cəlal ədəbi aləmə romanla gəlməmişdir. Bununla belə, obyektiv-tarixi, sosial-ictimai mühitin yaradıcı inikasını onun romanlarında da görə bilirik. Bir neçə il davamlı şəkildə əsasən hekayə, oçerk janrı üzərindəməhsuldar çalışdıqdan, müəyyən təcrübə topladıqdan sonra, məhz 1934-1935-ci illərdə yazıçı, ilk romanını yazmağa başlamışdı.

O baxımdan ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yolumuz hayanadır?” adlı əsərləri ilk tarixi və müasir mövzuda Azərbaycan romanları sırasında özünəxas mövqeyə malikdir. 

Mir Cəlal aydın, lakonik, mənalı yazmağı sevirdi. Onun sənətkar təbiətinə xas olan ən ümdə cəhət təbiilik idi. Ədib klassik bədii nəsr ənənələrinə dərindən bələd olduğundan ən mürəkkəb mətləbləri belə sadə şəkildə təqdim edib, zəngin həyati lövhələr, təbii surətlər, canlı xarakterlər yaratmağa yüksək istedad və peşəkarlıqla nail olmuşdu.

 Ədəbiyyatda olduğu qədər həyatda da hədsiz dərəcədə müdrik olan Mir Cəlal Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər gördü, XX yüzil ədəbiyyatşünaslıq məktəbi yaratdı. Onun əsərləri yalnız Azərbaycan bədii fikrinin deyil, dünya ədəbiyyatının klassik nümunələri kimi oxunur, sevilir və təqdir edilir…”

Səba Namazova

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan və dünya