Azərbaycan dili kafedrasının müəllimi Ayşən Nəbiyeva 03.05.2023-cü il tarixdə Xarici dillər fakültəsi İngilis dili müəllimliyi ixtisası I kurs tələbələrinə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: məktub, ərizə, izahat, arayış, akt, protokol, etibarnamə, rəy və s.” idi.
Açıq dərs prosesində Ayşən Nəbiyeva əvvəlki mövzu ilə əlaqə yaradaraq məktub, ərizə, izahat, arayış, akt, protokol, etibarnamə, rəy haqqında geniş məlumat verdi. Hər bir əməli yazı nümunəsi slayd vasitəsi ilə nümayiş etdirildi.Dərsdə tələbələrin fəal iştirakı, sual-cavab prosesində aktivlik nümayiş etdirmələri, əməli yazı nümunələrinin spesifik, həmçinin oxşar və fərqli xüsusiyyətlərinin izahı, hər əməli yazıya aid nümunələr gətirmələri, problem situasiyaların məntiqli şəkildə aydınlaşdırılması, test tapşırıqlarının düzgün yerinə yetirilməsi və s. onların dərsi yaxşı mənimsədiklərinin göstəricisi idi.
Dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Xarici dillər fakültəsinin dekanı dos. Əjdər Əsgərov, f.f.d. Mehriban Məmmədova, f.f.d.Aytən Əhmədova, f.f.d.Mətanət Mahmudova, müəllim Samirə Quliyeva, Aynur Orucova, Günel Məmmədova və digər əməkdaşlar iştirak edirdilər.