Bu gün canlarını Vətən torpaqlarının bütövlüyü uğrunda qurban vermiş şəhidlərindən birinin- Vətən müharibəsi başlayarkən müəllim qələmini silaha dəyişərək könüllü olaraq döyüşə qatılmış, cəsur döyüşçü adını qazanmış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Filologiya fakültəsinin məzunu Şəhid Mədəd Qənbərovun xatirəisnə hörmət əlaməti olaraq onun adı verilmiş auditoriyanın açılışı oldu. Tədbirdə, ilk olaraq, ürəyimizin daimi sakinləri olan şəhidlərimizin xatirəsi yad edildi. Giriş sözü ilə çıxış edən Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva qeyd etdi ki, bu günümüzə görə və sabahımıza görə, qələbəmizi bizlərə bəxş edib, özləri aramızda olmayan, bizə milli qürurumuzu qaytaran, başımızı uca edən Mədəd və onun timsalında bütün şəhidlərimizə borcluyuq. Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, şəhid Mədəd Qənbərovun valideynləri və şəhidimizin tələbə yoldaşı, Azərbaycan dili kafedrasının müəllimi Nurlu Qasımova çıxış edərək Mədəd haqqında xatirələrini danışdılar. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Mədəd Qənbərovu xoş xatirələrlə yad etdilər.