İrəvan qəza məktəbi, gimnaziyası, nəhayət, İrəvan Müəllimlər Seminariyası ölkəmizin bütün regionlarında mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuş, ana dilində dərsliklərin ilk təşəbbüsçülərindən olaraq, mətbuatda rus və Azərbaycan dillərində həm əbədi-bədii, həm də ictimai-maarifçi məqalələri çıxış etmiş, Qərbi Azərbaycan ziyalıları kimi Azərbaycanda həm ictimai-pedaqoji hərəkatın, həm də onun simasında müsəlman dini kimliyindən etnik kimliyə, son nəticədə isə milli müqəddəratı təyinetmə prosesinin layiqli xələfləri və sələfləri olmuşlar. Bu il qəza məktəbinin 190, seminariya və gimnaziyanın isə 140 illiyi tamam olur.
Bu gün Gəncə Dövlət Univerisitetinin Filologiya fakültəsində İrəvan Seminariyasının 140 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva bildirdi ki, bu dövr ərzində Çar və Sovet Rusiyasının İrəvan xanlığının bazasında yaratdıqları İrəvan quberniyası, sonralar da Ermənistan SSR və Ermənistan Respublikası daim dağıdıcılıqla məşğul olmuş, bu ərazilərin müsəlman türk simasının itirilməsi üçün hər cür vandallığa əl atmışlar. Həmin təhsil müəssisələrinin yubileylərinin keçirilməsi həm xalqımızın keçmiş ictimai, mədəni, maarifçi irsinə ehtiram olardı, həm də 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində qəhrəman ordumuzun erməni qəsbkarlığına “Dur!” deməsi ilə yeni-yaranmış siyasi tarixi situasiyaya dəstək olardı. İndi əsas vəzifə Ermənistan Respublikasının həmin ərazilərdə bizim tarixi kimliyimizi silmək üçün apardığı siyasətə İrəvan məktəblərinin yubileylərini keçirməklə bir daha layiqli cavab verməkdir.
Tədbirdə həmçinin GDU Veteranlar Şurasının sədri dos. Fəxrəddin Useynov, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova , müəllim Samirə Quliyeva, Filologiya fakültəsinin tələbələri Ceylan Rüstəmova, Sevil Qasımova çıxış edərək bildirdilər ki, həm ictimai-siyasi, həm də milli-maarifçilik baxımından İrəvan ziyalılarının o zaman ölkəmizin müstəqilliyi və inkişafına göstərdikləri xidmətlərin qiymətləndirilməsi baxımından da bu məktəblərin yubileylərinin dövlət səviyyəsində geniş qeyd edilməsi həm də beynəlxalq siyasi və milli-mədəni əhəmiyyətə malikdir.