2 FEVRAL – GƏNCLƏR GÜNÜDÜR

Azərbaycanda 2 fevral – Gənclər Günüdür. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Ümummilli lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.