17 Oktyabr Gəncə terrorundan 2 il ötür

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu.

17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı.

Ümumilikdə, Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın olmuşdur. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması birbaşa olaraq, qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.

Erməni terroru zamanı həyatlarını itirən insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.