20 Yanvar-Qan yaddaşımız

Filologiya fakültəsində “20 Yanvar-Qan yaddaşımız” adlı  online tədbir keçirildi. Qeyd olundu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da  Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.    

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ruhu dərin hörmətlə yad edildi.