17 noyabr “Dirçəliş günü” münasibətiylə keçirilmiş elmi-praktik konfrans

  • dirçeliş

17 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin IV tədris binasında-Filologiya fakültəsində “17 noyabr Milli Dirçəliş Günü” münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Filologiya fakültəsinin dekanı prof. Mübariz Yusifov giriş sözündə qeyd etdi ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə” “Milli dirçəlişimiz müstəqilliyimizin təməlidir”, sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Qüliyev “Milli dövlətçiliyə aparan yolun başlanğıcı”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi f.f. dok. Qivami Qazıyev “Milli dircəlişimiz müstəqilliyimizin əsasıdır”mövzularından bəhs etdilər. Universitetin Humanitar məsələlər  üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin tərbiyə işləri üzrə dekan müavini  Nadir Kubişev  Bildirdilər ki, hal-hazırda   müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Xarici ölkələr  Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirməklə. sözün əsl mənasında, onu müstəqil, dünyəvi, inkişaf edən bir ölkəyə çevirmişdir.