“Şeyx Nizami” kitabının təqdimat mərasimi

Noyabrın 10-da Azərbaycan Yazıçılar Birliyində görkəmli ədəbi-tarixi şəxsiyyətlərdən olan Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” kitabının təqdimat mərasimi keçirilmişdir. Azərbaycan nizamişünaslığının ilk nümunələrindən olan kitab hələ 1909-cu ildə əski əlifba ilə Gəncədə Hacı Əhməd Həsənzadə mətbəəsində nəşr olunmuşdur.

Oxuculara təqdim olunan kitab Mirzə Məhəmməd Axundovun “Şeyx Nizami” əsərinin 2016-cı ildə latın əlifbası ilə yenidən işlənmiş nəşrinin təkrarıdır.

Kitabın elmi redaktoru Azərbaycan MEA-nın müxbir üzvü Nüşabə Araslıdır. Əsəri ərəb əlifbasından transliterasiya edən, ön söz, lüğət və şərhlərin müəllifi fil.ü.f.d. Təhminə Bədəlovadır.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi,filologiya üzrə fəlsəfə doktoru Səba Azad qızı Namazova Nizamişünaslığın təməl daşlarından biri hesab edilən, Nizami Gəncəvi haqqında onun doğma yurdunda yazılan bu ilk tədqiqat əsərinin təqdimat mərasimində iştirak və çıxış etmiş, əsərin ədəbi-elmi ictimaiyyət üçün dəyərindən, onun müəllifinin yaradıcı düşüncədəki özgün xidmətlərindən bəhs etmişdir.