Azərbaycan və dünya ədəbiyyatı kafedrası
KAFEDRANIN TARİXİ
Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabadda (indiki Gəncədə) N.K.Krupskaya adına İkiillik Müəllimlər İnstitutu fəaliyyətə başladı. İnstitut üçün ayrıca bina olmadığından şəhərin 1 nömrəli orta məktəbinin üçüncü mərtəbəsi bütünlüklə yeni təşkil olunmuş bu təhsil ocağının sərəncamına verildi.
23 müəllim və 244 tələbəsi olan institutda iki ixtisas üzrə – təbiət və fizika-riyaziyyat fakültələri təşkil olunmuşdur.
1939-cu ildə əlavə yaradılan iki fakültədən biri Azərbaycan dili və ədəbiyyat fakültəsi olur. SSRİ Xalq Komissarları Soveti yanında ali məktəblərin işləri üzrə Ümumittifaq Komitəsinin 7 oktyabr 1939-cu il tarixli 431 saylı əmrinə uyğun olaraq, İnstitutun 16 oktyabr 1939-cu il tarixli 232 saylı daxili əmri ilə fəaliyyət göstərən iki fakültənin nəzdində 6 kafedra yaradılır.
- Təbiət – coğrafiya fakültəsi üzrə:
Ümumi kimya
Botanika
Təbiətşünaslıq
Coğrafiya
II.Azərbaycan dili və ədəbiyyat fakültəsi üzrə:
Azərbaycan dili
Ümumi ədəbiyyat
Ümumi ədəbiyyat kafedrasına Əhməd Səttar oğlu Cəmilzadə (Əhməd Cəmil) rəhbərlik edir. Dahi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə hazırlıqla əlaqədar bu kafedra mühüm işlər görmüşdür. Yubileyin təşkili ilə bağlı Kərim Tağıyev, Mirdavud Seyidov və Əli Quliyevdən ibarət komissiya yaradılmışdır. Əhməd Cəmil ədəbi-bədii tədbirlərin hazırlanmasında xüsusi fəallıq göstərir, ədəbi mühitə istiqamət verirdi.
1941-42-ci illərdə kafedraya Rəsul İsmayılov rəhbərlik edir.
01 oktyabr 1943-cü ildən etibarən N.K.Krupskaya adına Kirovabad İkiillik Müəllimlər İnstitutu ləğv edilir. Həmin institutun bazası əsasında tam ali təhsil verən, ümumtəhsil məktəbləri üçün müxtəlif ixtisaslar üzrə müəllim kadrları hazırlayan dördillik Kirovabad Dövlət Pedaqoji İnstitutu yaradılır. Yeni yaradılan institutun ədəbiyyat kafedrasında aşağıdakı yoldaşlar fəaliyyət göstərirlər:
Əli Abdulla oğlu Sultanlı- filologiya elmləri namizədi, dosent-kafedra müdiri
M.Seyidov-baş müəllim
K.Tağıyev- baş müəllim
C.Cahanbəxş- baş müəllim
Ə.Cəfərov- baş müəllim
Faşizmin ölkəmizə basqını təhsil sisteminə də öz təsirini göstrir. 1941-42-ci tədris ilində kafedraların sayı yarıbayarı azaldılır. Azərbaycan dili və ədəbiyyat kafedraları da birləşdirildi. 1943-44-cü ildən isə başlayaraq kafedranın tərkibi xeyli yaxşılaşır. Sənətşünas Mehdi Məmmədov və şair Ələkbər Ziyatay kimi müəllimlərin gəlişi tədris prosesində, elmi-tədqiqat və elmi-metodik işlərdə bir canlanma yaradır. Müharibədən sonrakı dinc quruculuq illərində Məmməd Cəfər Cəfərov, dosent Həbib Cəmədzadə, Əzizə Cəfərzadə və başqalarının mühazirələr oxumağı kafedranın həyatında ciddi dönüş yaradır.1948-ci ildən başlayaraq ədəbiyyat kafedrası yeni gənc qüvvələr hesabına qüvvətlənir. Burada Nazim Axundov (həm də rektor), dosent Davud Hacıyev (həm də dekan), Həbibulla Məmmədov, Altay Məmmədov, Münəvvər Cavadova, Mir Davud Seyidov, Nəsib Əsgərov və Kərim Tağıyev fəaliyyət göstərirdi. Həmin ildən dosent, sonralar filologiya elmləri doktoru, professor Davud Hacıyev 90-cı illərin axırınadək kafedraya rəhbərlik edir.
25 oktyabr 1966-cı ildə Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinin 315 nömrəli əmri ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının bazası əsasında Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrası yaradılır. Kafedra uzun illər bu adla fəaliyyətini davam etdirir. 1987-88-ci ildə kafedranın tərkibi həm sayca, həm də elmi dərəcə baxımından üç dəfə artır. Kafedra prof. Davud Hacıyev, prof. Bağır Bağırov, prof. Sadıq Şükürov, prof.Xəlil Yusifli, dos.Sabir Əliyev, dos.Abbas Səmədov, dos.Sədnik Paşayev, dos.Rüstəm Rüstəmzadə, dos.Əli Mirzəyev, dos.Musa Məsimov, dos.Tofiq Abbasov, dos.Mürşüd Məmmədov, dos.Yusif Yusifov, f.e.n Nəzakət Əliyeva, f.e.n.Tofiq Musayev, f.e.n.Natella Əliyeva, baş müəllim Həsənxan Təhməzov kimi kadrlarla zənginləşdi. Hətta baş laborant Flora Kərimova filologiya elmləri namizədi idi. Sonralar Sabir Əliyev, Abbas Səmədov, Sədnik Paşayev, Əli Mirzəyev elmlər doktoru elmi dərəcəsi, professor elmi adına, Flora Kərimova dosent elmi adına, Nəzakət Əliyeva Fəxri professor adına layiq görüldü. Baş laborant Nəzmiyə Axundova isə hal-hazırda da filologiya elmləri namizədi, dosent kimi kafedrada fəaliyyət göstərir.
Professor Davud Hacıyevin “Azərbaycan ədəbiyyatında tarixi dram”, prof. Sadıq Şükürovun “Azərbaycan Sovet ədəbiyyatında poema janrı” adlı monoqrafiyaları və digər əməkdaşların elmi yaradıcılıqları Azərbaycan ədəbiyyatının tədqiqində müəyyən rol oynaya bilmişdir.
Professor Bağır Bağırovun ilk kitabı – “Gəncə Dram Teatrı tarixindən” 1960-cı ildə işıq üzü görmüşdür. O, “İmperializmin ifşası”, “Azərbaycan sovet ədəbiyyatına dair”, “Səməd Vurğun – 70”, “Dostluq və qardaşlıq nəğməkarı”, “Rəsul Rza”, “Həmişə axtarışda, həmişə yüksəlişdə”, “Alim ömrü olduğu kimi” və s. kitabların müəllifidir.
Prof. Sədnik Paşayev 60-dan çox kitab nəşr etdirmişdir. Onun “Nizami və folklor”, “Azərbaycan xalq yaradıcılığının inkişafı”, ” Nizami və xalq əfsanələri”, “Azərbaycan əfsanələrinin öyrənilməsi”, “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, ”XIX əsr Azərbaycan aşıq yaradıcılığı”, ”Heca vəznli şeir və mənzum atalar sözləri”, ”Azərbaycan eposunun əfsanə qaynaqları”, ”Ozan-Aşıq sənətinin nəzəri məsələləri”, ”Heca vəznli tapmacaların inkişafı”, ”Heca vəznli bayatı və qoşma möcüzələri”, ”Azərbaycan folkloruna dair tədqiqlər”, “Publisistika və folklor”, “Aşıq Şəmşirin poetik aləminə səyahət”, “Novruz-Qəndab” və digər məhəbbət dastanlarının müqayisəli tədqiqi” adlı elmi əsərləri və dərs vəsaitləri xalqımızın folklorunun tədqiqində və tədrisində xüsusi əhəmiyyət kəsb edir.
Görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun “Həmyerlilər”, “Kişilər”,”Yadındamı”, “Ulduzlar görüşəndə” və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston və tacik dillərinə tərcümələrdə çap edilib. “Azərbaycan ədəbiyyatında hekayə”,”Hekayədə dini fanatizmin tənqidi”, ”Azərbaycan hekayəsi”, ”Oğuz səltənəti”, ”Kəngərlər” adlı elmi əsərləri və kitabları elmi, ictimai dəyərə malikdir.
Əməkdar elm xadimi, “Şərəf” ordenli, professor Xəlil Yusifovun “Nizaminin lirikası”,”Şərqdə İntibah və Nizami Gəncəvi”,” Məhsəti Gəncəvi” adlı monoqrafiyaları,”Ədəbiyyat”,“Dünya ədəbiyyatı tarixi (Antik dövr)”, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı tarixi” adlı orta və ali məktəb üçün dərslikləri, 32-dən çox tərcümə və tərtibatları Azərbaycan elminə, tədrisə, tərcümə sənətinə xüsusi töhfədir.
2002-ci ildən Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının bazası əsasında iki kafedra yaradılır: 1. Azərbaycan ədəbiyyatı, 2. Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq. Filologiya elmləri doktoru, professor Sadıq Şükürov 2002-2011-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində işləmişdir. Filologiya elmləri namizədi, dosent Tofiq Musayev isə 2001-2005-ci illərdə Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq, professor Bağır Bağırov 2006-2011-ci illərdə adı dəyişdirilən Dünya ədəbiyyatı və ən yeni ədəbiyyat kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2011-ci ildən sonra professor Sədnik Paşayev az müddətdə, Fəxri professor Nəzakət Əliyeva birləşdirilmiş Azərbaycan və dünya ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. 2016-cı ildən həmin kafedraya rəhbərlik dos.Afaq Yusifliyə həvalə olunmuş, 2018-ci ildə dosent Maqbet Əhmədov kafedrada müdir vəzifəsinə seçilmişdir.